Həqiqi avtoş: Motosikletlə, bir qolu gipsdə, 190 km/saat...

Maksimal sürət 80 km/saat olan Paris ətrafı dairəvi yolda bir motosiklet 190 km/saat sürətlə “radara düşür”.

Lent.az.ın Paris polisinin “Pprama” həftəlik qəzetinə istinadən verdiyi xəbərə görə, yol polisi avtoxuliqanı saxlamaq üçün 4 kilometrdən çox yol qət etməli olur.

İşin maraqlı tərəfi isə avtoxuliqanın bir qolunun gipsdə olması və motosikletin üzərindəki “POLİS” yazısı idi. Sürət həddini aşmaqdan əlavə, avtoxuliqana qarşı həm də “başqalarının həyatına təhlükə yaratma” maddəsi ilə ittiham irəli sürülə bilər.

Qəzetin yazdığına görə Parisdə stasionar radarların qurulduğu 2004-cü il tarixdən etibarən ərazidə belə yüksək sürət qeydə alınmayıb.

Fransada şəhərdaxili maksimal sürət 40-60 km/saat (şəhərlərə görə dəyişir), şose yollarında isə 140 km/saatdır.

Bir neçə gün öncə son model Ferrari ilə Parisə gələn Lüksemburq sakini maksimum sürət 90 km/saat olan yolda 245 km/saatla “radara düşür”. Sürücü fransız olmadığı üçün avtomobil və sürücülük vəsiqəsi alınmır, yalnız 750 avro cərimə ödəyərək canını qurtarır. Lakin may ayında anasının hədiyyə verdiyi Opeli sınamaq istəyən Lionlu oğlanın bəxti gətirmir. Hədiyyənin alandan 20 dəqiqə sonra 190 km/saatla radara düşən gənc gecəni polisdə keçirir. “Hədiyyə” cərimə meydançasına qoyulur, yubilyara isə ad günü “bəxşişi” olaraq cərimə yazılır.

Qeyd edək ki, Fransada son zamanlar sürət həddini aşmaya görə çox ciddi tədbirlər həyata keçirilir. Hazırda Fransa hökuməti yeni “Yol məcəlləsi” üzərində çalışır. Qanunun bu ilin sonuna qədər qəbul edilməsi gözlənilir. Yeni qanunla bəzi qayda pozuntuları inzibati xəta deyil, cinayət hesab ediləcək. Qanun layihəsinə görə sürət həddini 50 km/saatdan çox aşdıqda, avtomobil dövlət nəfinə müsadirə oluna bilər. Müsadirə olunmuş avtomobil ya hərraca çıxarılacaq, çox köhnə olduqda isə metaləritmə müəssisələrinə təhvil veriləcək.

Vüqar Ələsgərov

No comments: